"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Demə, dünya Eloğlusuz qalacaq
28.04.2021 10:41
Bölmə:Poeziya 244 dəfə oxunub
Versiya.az bu gün 52 yaşını qeyd edən Famil Eloğlunun şeirlərini təqdim edir.
 
BİLƏSƏN
 
Dünya malı sənin deyil, sevinmə
Bir gün gələr ağladacaq -biləsən.
Yüz il ömür yazılsa da alnına
Sevindirib, aldadacaq, - biləsən.
 
Mənəm-mənəm deyib də çox öyünmə
Sadə yaşa, zər-zibanı geyinmə.
Vaxtı gəlib yetişəndə deyinmə
Əcəl alıb atlanacaq, - biləsən.
 
Qaya olub dirənsən də daş-dağa
Kök atsan da palıd kimi torpağa.
Zaman gələr büküb səni pambığa
Qucağında saxladacaq, - biləsən.
 
Bu dünyanı ha yığsan da xurcuna
Baxmayacaq var-dövlətə,borcuna.
Bircə çimdik torpaq atıb ovcuna
Soyundurub aparacaq, - biləsən.
 
Səndən qalan əməllərin olacaq
Kimi gülüb, kimi saçın yolacaq.
Demə, dünya Eloğlusuz qalacaq
Sənli, sənsiz yaşayacaq, - biləsən.
 
ELİM
 
Sənsiz olmur qaçıb gəlləm qoynuna
Həsrətinə dözəmmirəm gül elim.
Can olmuşuq bir bədəndə qovuşub
Sevincindən çiçək açan kül, elim.
 
Gəlin kimi bəzənibdir çölləri
Yanmış köksü gizlədibdir gülləri.
Tor toxuyur hörümçəyin dilləri
Çöhrəsinə niqab salsın tül, elim.
 
Ocaq çatım, gəl bürünək tüstümə
Bir az qızın sinəmdəki istimə.
Yorğan olsun çörün-çöpün üstümə
Yataq olsun samanınla, gil elim.
 
Su sıçrayır bulağının gözündən
Sanki duyur,yaş süzülür üzündən.
Bir səs gəlir Eloğlunun köksündən
Həsrət bitdi sil gözünü, sil elim.
 
***
 
Bir gün ayıldım ki, dünya o deyil
Qızılgül qoynunda qarğa yar imiş.
Qeyrətə, namusa qan tökən dünya
Satılıb mal-pula, könlü xar imiş.
 
İtinə ot verib, ata ət verən
Yal üstə boğuşub, it olub hürən.
Atınan eşşəyi bir gözdə görən
Qatırdan döl tutan dünya var imiş.
 
Əydilər dünyanı, başqa dünyadır
Dağ təpə olubdur, şələ tayadır.
Çinarı mıx olub, saman payadır
Nə bilim iynəyə quyu dar imiş.
 
Tülküsü həcdədir, ”imanı” dəbdə
Qoyun qurd olubdur, gəlibdi vəcdə.
İmanlı imansız önündə səcdə
Haqqı deyən dünya, hanı-kar imiş.
 
Oğru baltalayıb doğrunun səsin
Vicdan qulu olub pullu nakəsin.
Ağarmış saçından utanan kəsin
Ucalıq yazına yağan qar imiş.
 
Hər səmtə, hər yana yel olub əsən
Əmdiyi əmcəyi dibindən kəsən.
Tanrının İnsanlıq payından küsən
Haramın könlündə halal ar imiş.
 
Dinlədim dünyanı öz ağlı ilə
Töküldü gözümdən yaş gilə-gilə.
Dönüb danışanda Eloğlu ilə
Dedi ki nə yaxşı Famil var imiş.
 
reklam