"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
“44 gün müharibə gedəndə sən harada idin?!” - Kərim Kərimli yazır
24.01.2021 21:44
Bölmə:Qarabağ 745 dəfə oxunub

44 gün müharibə gedəndə sən harada idin?!

Əziz dostlar!

Qocalar, cavanlar, igidlər, ziyalılar, fəhlələr, müəllimlər, sənətkarlar, jurnalistlər, sahibkarlar, işsizlər, zabitlər, əsgərlər, polislər, yazıçılar, şairlər, məmurlar, fermerlər, karxanalarda daş atanlar, qardaşlar, bacılar, bəylər, cənablar, xanımlar, bütün camaatımızın nümayəndələri və xalqımızn təmsilçiləri!

Hamınızdan təkidlə və acizanə surətdə rica edirəm: Bir-birinizə bu sözləri deməyin! Heç vaxt deməyin!!!

Bəs Azərbaycanın Milli Qəhrəmanları Ramiz Qənbərov, Allahverdi Bağırov, Şirin Mirzəyev, Əliyar Əliyev, Tofiq Hüseynov, Nazim Qiliyev, Gültəkin Əsgərova və... yüzlərlə, minlərlə başqa qəhrəmanlar vuruşanda, şəhid olanda, yaralananda, itkin düşəndə... siz harada idiniz? Sizin atanız, babanız harada idilər? Biz dişimizlə, dırnağımızla çarpışaraq bütün Ermənistana, bütün separatçılara, onların arxasında duran böyük qüvvələrə qarşı az qüvvə ilə TƏK mübarizə aparanda, bir gecədə 40 dənə tabut düzəldib, səhər 40 şəhid basdıranda siz və dediyim qohumlarınız harada idiniz?

Özü də biz bu işləri görəndə nə hökumət kömək edirdi, nə ordu var idi, nə də respublikanın rəhbərlərinin vecinəydi…

Onda bəziləriniz hələ doğulmamışdınız, bəziləriniz uşaq idiniz, hələ tələbə idiniz, bəziləriniz qoca idiniz, bəziləriniz döyüşə yaramırdınız, bəziləriniz özünə biznes qururdu, ticarətlə məşğul idi, ölkədən kənara gedib özü üçün yaşayırdı, bəziləriniz isə…

Axı dünyanın harasında görünüb ki, məsələn, 10 milyon əhalisi olan ölkənin bütün əhalisi vuruşsun?

Qarabağ hadisələri başlayanda mənim 24 yaşım var idi. İndi 57 yaşım var və bu fəlakət mənim ömrümün 33 ilini alıb. Həm cəbhədə – döyüşlərdə olmuşam, Vətənimin müdafiəsində iştirak etmişəm, müharibə veteranıyam – getməyə biləcəyim halda könüllü getmişəm, həm hər gün, bəzən gündə bir neçə dəfə bir başa döyüş meydanından xəbərlər və reportajlar hazırlamışam, həm göydən dolu kimi dəmir yağa-yağa Şuşada mətbəəni işlətmiş, həftədə 3 dəfə qəzet buraxmış və digər lazım olan bütün sənədləri çap etmişəm, həm şəhidlər haqqında üç kitab və yüzlərlə məqalə yazmışam, Qarabağ müharibəsinin 1988-1994-cü illər xronikasını yazmışam, atəşkəs dövründə dünyanın 30 ölkəsində ermənilərlə və ermənipərəstlərlə didişmişəm, rayonun və ölkəmizin həyatında fəal iştirak etmişəm…

Bir milyon qaçqın-köçkünün böyük bir hissəsi çadır şəhərciklərində dəhşətli vəziyyətdə yaşayanda o şəhərcikləri bir-bir gəzib reportajlar hazırlamış, problemləri qabartmış, həllinə nail olmuşam. Minlərlə adam 90-cı illərdə qoturluq xəstəliyinə tutulanda bütün rayonlara günlərlə, bəzən aylarla kükürd mazı daşımışam. Poliemelit, qoturluq, malyariya, vərəm, qara yara, və s. xəstəliklərə tutulmuş adamları Bakıya xəstəxanalara daşımışam.

Təvazökarlıqdan uzaq olsa da deyim ki, bunlar mənim təkbaşına illərlə heç bir maaşsız, mükafatsız, təltifsiz, heç yerdən maliyyə yardımı almadan, hətta rəsmi dairələrdən quruca bir “Sağ ol!” belə görmədən, eşitmədən və UMMADAN gördüyüm işlərin az bir hissəsidir.

Mənim kimi adamlar ölkəmizdə bilirsinizmi nə qədərdir?! Amma biri bütün bunları dilinə gətirmir. Mən də birinci dəfədir və bir nümunə kimi yazıram ki, fikrimi daha yaxşı ifadə edə bilim.

Mənim artıq 57 yaşım olanda illərlə inandığım və gözlədiyim hadisə baş verdi. Azərbaycan Ordusu əks hücuma keçdi. Mən və oğlum – Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Fərhad Kərimli birlikdə həm Bakıda, həm də Füzulidə lazımi yerlərə müraciət etdik, nə məni qəbul etdilər, nə də onu. Məni yaşıma görə, onu tələbə olduğu üçün. Dedilər ki, nə vaxt Ali Baş Komandan ümumi səfərbərlik elan edər, onda sizi də çağırarlar. Mən Bakıya qayıdıb yenə də qələbə yolunda təbliğat və təşviqat işimi davam etdirdim. Fərhad isə Füzulidə qalıb bir ay əsgərlərimizin yanında oldu, ön xəttə buraxmasalar da, əlindən gələn köməyi etdi, işləri gördü.

İndi hansı yaramaz bizə deyə bilər ki, “44 gün müharibə olanda sən harada idin?” Düzdür, şəxsən bizə belə söz deyən olmayıb, amma hər gün oxuyuram ki, adamlara bəziləri tez-tez bu cür sözlər deyir, günahsız insanları incik salırlar.

Hərənin öz işi var.

Bu cür adamların sözündən belə çıxır ki, gündə onlarla yaralının həyatını cərrahi müdaxilə ilə xilas edən doktor da skalpelini atıb, avtomat-pulemyot götürüb ön cəbhəyə getməli imiş! Bəs yaralıları kim xilas etməlidir? Eləcə də digər peşə sahibləri.

Misalçün, 44 günlük müharibə vaxtı ön cəbhəyə göndrəilən təcil yardım sürücüsü Füzulidən Şuşayadək ön cəbhədən yaralılarımızı və təəssüf ki, həm də şəhidlərimizin cəsədlərini arxaya daşıyıb. Neçə gəncin həyatının xilas edilməsində böyük rol oynayıb. Hökumət onu oraya göndərmişdi, o da orada vətəndaşlıq borcunu vicdanla yerinə yertirdi. Qohumum, həmyerlim, dostum olan onlarla, heç nəyim olmayan, amma tanıdığım bəlkə də yüzlərlə adamı belə misal çəkə bilərəm.

İndi bu duzsuz sözləri necə söyləyə bilir bəzi yaramaz adamlar?

Tez-tez sosial şəbəkələrdə rastıma çıxır: “Filankəs Şuşa, Füzuli, Hadrut və s. uğrunda döyüşəndə bəs filankəs harada idi?”

Əgər kimsə fərarilik edibsə (şübhəsiz ki, edənlər olub, əlbəttə) və siz də bunu bilir və etiraz etmək istəyirsinizsə, müvafiq orqan və təşkilata müraciət edin. Deyin ki, mən, məsələn, Xocavənd uğrunda döyüşəndə bu adam xaricdə olub, yaxud evdə oturub. Amma buna da medal veriblər. Araşdırın görək nəyə görə? Amma əlinizdə belə fakt yoxdursa, ümumi danışıb camaatı kollektiv şəkildə qaralamayın. İnsanları sinsitməyin! Ara qarışdırmayın! Əhali arasında ayrı-seçkilik salıb küsdürməyin, vətəndaşların qanunla onlara məxsus olan hüquqlarını tapdamayın! Kiməsə yaltaqlanmaq naminə başqasını alçaltmağa çalışmayın! Kim sizə bu hüququ verib? Buna heç kimin haqqı yoxdur! Heç kimin buna hüququ, ixtiyarı yoxdur!

Kimisə hökumət çağırıb, kim isə könüllü gedib, Vətən qarşısında borcunu ödəyib. Bunu da həm hökumət, həm də xalqımız layiqincə qiymətləndirməyə çalışırlar. Kimsə qanuni haqqını ala bilməyibsə, ala bilmirsə, konkret bundan danışın. Amma “mən vuruşanda o harada idi” söyləmək, gördüyün işi də urvatdan salmaqdır.

Mənim əzizlərim!

Biz Azərbaycan boyda böyük bir ailəyik. Ailədə, Allah eləməmiş, kimsə xəyanət yolu tutarsa, konkret onu cəzalandırmaq lazımdır. Amma “Hamınız xainsiniz!” deməyin özü yekə bir xəyanətdir!

Heç vaxt belə şey etmək olmaz!

“44 gün müharibə gedəndə sən harada idin?!” – kimi zərərli ifadələri dilimizdən, leksikonumuzdan, söhbətlərimizdən birdəfəlik çıxartmalıyıq.

Bunun alternativi yoxdur!!!


Müəllif: Kərim Kərimli | Şair, yazıçı, jurnalist.

reklam