İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
Azərbaycana “İsgəndər” haradan atılıb? - Sensasion ehtimallar…
01.04.2021 17:33
Bölmə:Gündəm 175 dəfə oxunub

Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Şuşada “İsgəndər” raketinin qalıqlarını tapması 44 günlük müharibədə Ermənistanın bu raketlərdən istifadə etdiyi faktını gündəmə gətirdi və bu fakt həm də özü ilə əlavə suallar yaratdı:

- Ermənistanda mövcud olan “İsgəndər”lər hansı komplekslərdir: E, yoxsa M?

- Bu raketlər haradan atılıb: Ermənistandan, yoxsa...?

Müharibənin Ermənistanın məğlubiyyəti ilə başa çatmasından sonra bu ölkədə “sandıqlar açılmağa” başlandı. Siyasi və hərbi rəhbərliyin məğlubiyyətin məsuliyyətini bir-birinin üzərinə atmaq cəhdləri bəzi etirafları da ortaya çıxardı. Və generallar müharibənin gedişində sirr kimi saxlanılan xəbəri açıqladılar: Ermənistan müharibədə Azərbaycana qarşı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.

Bu etiraf Ermənistan keçmiş baş qərargah rəisi, baş hərbi müfəttiş, general Movses Akopyandan gəldi. Ardınca keçmiş prezident Serj Sarkisyan gündəmə gətirdi, daha sonra baş qərargah rəisi Onik Qasparyanın müharibənin üçüncü günündə Bakı-Tbilisi-Ceyhan kəmərini “İsgəndər”lə vurmaq istəyi haqda etiraflar ortaya çıxdı. Beləliklə, Ermənistan hökuməti və ordusu arasında ittihama çevrilən “İsgəndər” atışması bu faktı ictimaiyyətləşdirdi.

Baş nazir Nikol Paşinyanın “İsgəndər” raketlərinin “10 faizi partlaması” ilə bağlı tənqid edən çıxışı da dolayısı etiraf idi. Bu qalmaqallı fikirlər “İsgəndər” məsələsini regionun gündəminə daşdı.

 

Rusiya Müdafiə Nazirliyi təkzib etdi, rus ekspert cameəsi “İsgəndər”in üstünlükləri haqda müzakirələr açdılar. Və nəhayət, məsələyə Azərbaycan Prezidenti münasibət bildirdi.

Fevralın 26-da keçirilən mətbuat konfransında Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqləri Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı sualına Prezident İlham Əliyevin cavabı:

“Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu. Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim”.

Prezident açıqlaması ilə ANAMA-nın açıqlaması arasındakı fərqin səbəbi aydındır:

1. Prezident bunu fevralın 26-da açıqlamışdı, ANAMA isə Şuşada raket qalıqlarının martın 15-də tapıldığını bildirir. Aradan 20 gün vaxt fərqi var;

2. Prezident erməni baş nazirin fikirlərinə münasibət bildirirdi və qeyd edirdi ki, “Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik”. Prezidentin bu sözləri “belə məlumat hələki yoxdur” demək idi;

3. ANAMA-nın tapdığı fakt Azərbaycan tərəfinin məsələnin üzərində araşdırma apardığını təsdiqləyir;

Və araşdırmanın nəticəsi açıqlandı: Ermənistan Şuşaya “İsgəndər” raketi atıb.

Əslində bu faktın tapılmasına qədər Ermənistan hərbi rəhbərliyinin etirafları var idi: Akopyan, o cümlədən, digər generallar Nikol Paşinyanı müharibənin ilk günündə “İsgəndər” raketindən istifadə etməməkdə ittiham edir, yalnız müharibənin sonunda Şuşaya atıldığını və bunun yanlış qərar olduğunu deyirdilər. ANAMA-nın açıqladığı fakt bu etirafları təsdiqlədi.

 

Burada ən mühüm məqam Şuşada qalıqları tapılan raketin “İsgəndər - M” kompleksinə aid olmasıdır: qalıqların üzərindəki kod - 9M723 – bunu təsdiqləyir. Ermənistan hərbi arsenalında mövcud olan raket kompleksinin “İsgəndər – E” olduğu rəsmi şəkildə açıqlanıb.

Bu ziddiyyətli məqam “Ermənistanda mövcud olan “İsgəndər”lər hansı komplekslərdir: E, yoxsa M?” sualını önə çıxarır.

Rusiyanın Ermənistana “İsgəndər” raketlərini verməsi haqda məlumatlar 2014-cü ildə yayılsa da, bu haqda ilk fakt 2016-cı ilin sentyabrında – “aprel müharibəsi”ndən bir neçə ay öncə İrəvanda keçirilən hərbi paradda ortaya çıxdı: Ermənistanın 4 ədəd “İsgəndər” raket kompleksi var idi.

Həmin vaxt əsas müzakirə mövzusu bu raketlərin E, yoxsa M kompleksləri olması ətrafında idi. Çünki M kompleksi ən güclü raket sistemlərindəndir və dağıdıcılıq qabiliyyəti böyükdür.

“İsgəndər – M” Rusiya hərbi sənayesinin ən son yeniliklərindən sayılır. 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. Bu raketlərin əsas özəlliyi ondan ibarətdir ki, xüsusi uçuş trayektoriyasına malikdir.

Rusiyanın Ermənistana “İsgəndər M” yox, “İsgəndər E” verdiyi rəsmi dairələr tərəfindən açıqlanmışdı. Lakin müxtəlif mənbələrdə “İsgəndər M”-lərin Gümrüdəki 102-ci hərbi bazasında mövcud olduğu və məqsədin Kalininqradda olduğu kimi, Ermənistanda da NATO-ya qarşı müdafiə zolağı qurmaq olduğu deyilirdi.

Həmin tarixdən 5 il – 44 günlük müharibənin başa çatmasından aylar sonra ANAMA Şuşada “İsgəndər M” raketlərinin qalıqlarını tapır. Ermənistanın hərbi və siyasi rəhbərliyinin müharibədə “İsgəndər”lərdən istifadə etiraflarını və ortaya çıxan faktı üst-üstə qoyduqda “Rusiyanın Ermənistana “İsgəndər M” verdiyini” deyə bilərik. Halbuki, Rusiya tərəfi Ermənistana verilən raketlərin “İsgəndər E” olduğunu deyirdi.

Bu fakt Rusiyanın yalan danışdığını və Azərbaycanla münasuibətlərdə qeyri-səmimiliyini ortaya çıxarır.

Xeyr, Rusiya həqiqətən də Ermənistana “İsgəndər E” veribsə və Azərbaycanla münasibətlərdə səmimidirsə, o zaman, Şuşada qalıqları tapılan “İsgəndər M” raketləri nədir, haradan və kim tərəfindən atılıb?!

Bölgədə “İsgəndər M” raketi Rusiyada və Rusiyanın Gümrüdəki 102-ci bazasında mövcuddur.

- “İsgəndər M” Şuşaya 102-ci bazadan atılıb?

- Zərbə əmrini kim verib?

- Hücumun arxasında ermənilərmi, ermənilərlə əlbir olan Rusiyadakı qüvvələrmi, yoxsa Rusiyanın özü dayanır?

Cavab tələb edən suallardır və bu sualların cavabını yalnız Rusiya Müdafiə Nazirliyi verə bilər, verməlidir də...

Publika.az

reklam