Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
İlham Əliyev yenidən YAP-ın sədri seçildi
İsrailli qadın ərinin gözünü əsgərimizə bağışladı- Video
“Bizi arxayın etmişdilər ki...” - Erməni polkovnik sensasion məlumatlar açıqladı
Paslı açar- hekayə
19.02.2021 16:37
Bölmə:Poeziya 111 dəfə oxunub
Divardan mənim güldüyüm, ailəminsə hər baxanda ürək ağrısı keçirdiyi şəklim asılıdı. Onlar məni, geri dönülməsi mümkün olmayan, uzaq yerdə bilirdilər.
-Yox! Nə məsələydisə mən - divardan asılı, qara lent bağlanmış çərcivədən ailəmi görürdüm.
-Mən onları görürəm! Mən bu şəkildəyəm! Darıxıram!..
Ürəyindən bu çərçivədən çıxıb, onları doyunca öpüb, bağrıma basıb, qoxlamaq, evi gəzib, tərtəmiz yuyulmuş döşəmə qoxusunu içimə çəkmək, evin küncündəki iyirmi yedi ildi açılmayan, sirli sandığın xırda, qara qıfılını açıb, içindəkiləri eşələmək keçirdi.
***
Qarlı-çovğunlu qış gecəsi idi. Ertədən yağan qar axşama yaxın dizəcən qalxmışdı. O gecə kəndimizi tərk etməli olduq. Ermənilər atəş açırdı. Havadan ölüm qoxusu gəlirdi. Tankların, topların, minomyotların səsi qulaq batırırdı. Qonşular qaça-qaça qışqırırdılar ki, ermənilər kəndə girib. Məcbur olub meşəyə doğru üz tutduq. Hər tərəfdən güllə yağış kimi yağırdı. Qaranlıq və çox soyuq idi. Evlər od tutub yanırdı. Camaat bir-birinə qarışmışdı. Göz-gözü görmürdü. Heç vaxt belə çarəsiz, ümidsiz olmamışdım.
Dedilər ki, bu dağı aşa bilsək, erməni bizi tuta bilməyəcək. Həyat yoldaşım bizdən qabaqkı dəstədə qadınlarla birgə gedirdi. Oğlum onun qucağında idi.
Hər şey qəfil baş verdi. Ermənilər qabağımızı kəsib atəş açmağa başladılar. Yerə yıxılıb, qarda yuvarlanaraq aşağı sürüşməyə başladım. Ağrı ürəyimi çəkib qopardı. Sümüklərim sızıldadı. Sifətim daşların üzərindəki buzun soyuğunu özünə çəkdi. Bədənim sancıdan ikiqat olmuşdu. Ağzımdan axan qan mənə ölümün dadını hiss etdirdi. Hər yanım göz qamaşdıran işığa büründü. Artıq başqa bir aləmə keçid edirdim. Qan qusa-qusa, ruhum bədənimdən çıxdı.
***
Hər gün, bir qayda olaraq, o, yaxınlıqdakı məsciddən gələn sübh azanının səsinə yuxudan ayılar, yataqdan qalxmamış yarıaçıq gözlərlə divardan asılı şəklimə bir neçə dəqiqə baxardı.
Çox güclü qadındı. Çox sevirəm onu, çox...
Sonra qalxar, hələ də içində köz qalan sobaya quru odun atıb, alışdırar, çaydanı üzərinə qoyub, dəstəmaz alıb, namaz qılar, gözü qapıda oğlumuzun işdən gəlməyini gözləyərdi. Həyat yoldaşımın əlli bir yaşı vardı. Və bu qadın ömrünün iyirmi yeddi ilini mənsiz yaşayırdı. O, xalça toxucusu işləyir və ikinci dəfə ərə getməyib beləcə ömür sürürdü. Oğlum Ergünəş- gənc, yaraşıqlı bir oğlan idi. Hamının şirin yuxuda olduğu bu vaxtda o, uzun, ağır saatlardan sonra, az qala sürünə-sürünə, yorğun halda, işdən evə gələrdi. Çarpayısında oturar, gözlərini qaranlıqdakı bir nöqtəyə zilləyər və dəqiqələrlə gözünü o nöqtədən ayırmazdı. Bütün tənha insanlara xas xüsusiyyətlər bu evdə adət halına çevrilmişdi. Susqunluq heç pozulmurdu.
Sözlər üçün başqa saatlar, başqa zamanlar ayrılmışdı. Yerində donub qalan ananın qəlbi bu mənzərəyə çox dözməzdi. Ayağa qalxıb, onun saçını sığallayar, soyuqdan donmuş əllərini ovuşdurar, onu incidən fikirlərini, narahatlıqlarını toplayıb özünün şişmiş sinəsinə çəkərdi. Təzə dəmlənmiş ətirli çaydan bir fincan süzüb, qarşısındakı üçayaqlı, balaca masanın üzərinə qoyar, sonra pərt halda yerinə qayıdıb, əllərini bir-birinə çataqlayar, barmaqlarını ovuşdura-ovuşdura, oğlunun çuxura düşmüş gözlərinə, vaxtsız ağarmış saçlarına, ürək yanğısı ilə baxardı. O, fincanda buxarlanan çayı incik-incik içib, yastığını qolları arasına alıb və möhkəmcə sinəsinə sıxar, nə qədər çalışsa da yata bilməzdi...
Gördüklərim zəhər kimi canıma yayılırdı. Onları qorumaq, oğlumun qayğısına qalmaq istəyirdim. Canımdan-qanımdan bir parça olan, oğlumun acısını hiss edirdim, özümdən asılı deyildi.
***
Həyat yoldaşım eşitdiklərinin təsirindən yıxılmasın deyə guppultu ilə stula oturdu. Əllərini dizlərinin üstünə qoysa da, onların əsməsinin qarşısını ala bilmədi. Televizorda göstərilən müharibə kadırlarına baxa-baxa bir xeyli ağladı. İri-iri göz yaşları üzündəki qırışlarının arasından süzülüb dodaqlarına, oradan da sinəsinə süzüldü. Qarmaqarışıq bir-iki kəlmə söz də dedi. Ayağa qalxıb köhnə sandığa sarı getdi. Diz üstə çöməlib, sandığın kilidini açıb, içindəkiləri eşələməyə başladı. Kəndi tərk etdiyimiz gün soyuqdan donmasın deyə ona verdiyim boz pencəyimi əlinə götürüb doyunca qoxladı.
Pencəyin sol çiyni yanmışdı. Ancaq bir o qədər də gözə çarpmırdı. Sonra uşaq geyimlərini sandıqdan çıxardıb sağ tərəfində yerdə üst-üstə yığdı. Qatlanmış ipək zərli dəsmalı əlləri əsə-əsə açıb arasından bir cüt açar çıxardı. Onu dodaqlarına toxundurdu. Sonra açarla birgə əllərini göyə qaldırıb, Allaha dua etdi. Bu açarları mən də tanıdım. İşğal olunan kəndimizdəki evin açarları idi. O gecə qapıları kilidləyib, evdən sonuncu mən çıxmışdım.
Və bu açarları pencəyimin döş cibinə atmışdım. Sonra o, əlindəkiləri yerə qoydu, sandıqdan götürdüyü ağ kəlağayını başına örtdü. Əyninə ən gözəl paltarını geyindi, ən gözəl bəzəklərini taxdı. O, illər boyunca özünü belə gümrah, gənc və rahat hiss etməmişdi. Sanki səsi gəldikcə çığırmaq və özü kimi tənha bir insan tapıb bağrına basmaq, qucaqlamaq istəyirdi. Mənim divardan asılmış şəklimə tərəf gəldi. Şəkili divardan götürüb sağ əlininin barmaqlarını üzərində gəzdirib öpdü. Nəfəsi bütün üzümə yayıldı. Səsi titrəyə-titrəyə,- “Gözün aydın, ay Füzuli. İyirmi yeddi ildən sonra ordumuz torpaqlarımızı azad etdi. Biz artıq köçkün deyilik. İyirmi yeddi ildir qoruyub saxladığım bu açarlarla yenidən evimizin qapıların açacam. Uzun ayrılıqdan sonra səni görməyə gəlirəm. Allah sənə rəhmət eləsin ay Füzuli! Allah sənə rəhmət eləsin!..”, - dedi.
***
Bura necə gəldiyimə dair heç bir fikrim yoxdu.
Başqa bir aləmə keçid kimi görünən bu yerdə, ətraf ucsuz-bucaqsız genişlik idi.
Sonu görünməyən bu yerə qırmızı, narıncı, yaşıl və sarı rənglər hakimlik edirdi. Düzü, heç nə anlamırdım. Heç vaxt qarşılaşmadığım, qüsursuz, gözəl üzlü, insanların arasına düşmüşdüm. Onların arasında bir xeyli gəzişdim.
Daha sonra başdan-ayağa xəyal kimi ağappaq, yaşlı bir adam göründü. Hamının maraqla gözünü dikdiyi o kişi uca səslə, adlarımızı çağırmağa başladı. Hamı buradaydı.
Bir qədər də uca səslə, birnəfəsə, -“Sizin ruhunuz dinclik tapdı! Bu gün ruhunuzun rahatlıq tapan günüdü...
Daha gözləməyə ehtiyac qalmadı” söylədi.
Məni heç zaman duymadığım, az qala, əzabverici bir sevinc bürüdü.
Xoş simalı adamlar gur işıq düşən yolda, onun arxasınca asta-asta addımlamağa başladılar. Mən də onlara qoşuldum...
 
Murad MURADOV
 
Bir Murad Muradov, saç, saqqal, kostyum və dış giyim görseli olabilir
reklam